Ədəbiyyata xidmətin Elçin Əlibəyli modeli

elchin elibeyliOnu müxtəlif layihələrdə görmüşük. Space TV-də, ABA-da, nəhayət Azad Azərbaycan Televiziyasında. Həmişə maraqlı layhələrlə yadda qalmağa çalışır. Bir ara teatrda da çalışıb.

Kifayət qədər maraqlı, diqqət mərkəzində olmağı bacaran, çalışqan və zəhmətkeş adam təsiri bağışlayır. Ədəbiyyatımıza aidliyi olmasa da, bir çox yazarlardan daha artıq ədəbiyyata və çağdaş yazarlara faydası toxunub. Ədəbiyyatımızın  sevilməsində, kitab təbliğatında əvəzsiz rolu var.

Seyircilərin şou-biznes kanalı kimi tanıdığı ATV-nin efirində qəfildən ciddi mövzuların qoyulması, həlli yollarının axtarılması intellektual seyirci kütləsini də ATV-yə cəlb etdi. Televiziya tənqidçisi olmadığımdan bu layihələrin nəzəri baxımdan hansı dərəcədə uğurlu alınması haqqında fikir söyləməkdə acizəm. Ancaq bir seyirci kimi öz fikirlərimi bölüşməkdə çətinlik çəkmirəm. Az qala unutmuşdum, haqqında  yazmaq istədiym şəxs ATV-nin siması olmağı bacarmış, kifayət qədər auditoriya toplamış Elçin Əlibəylidir. Bu yazıda bir neçə məqama diqqət etməyə çalışacağıq. Əsas hədəfimiz televiziya adamı E. Əlibəyli, onun ədəbiyyata yardım etmək cəhdləridir.

E. Əlibəyli özünü artıq təsdiq etmiş, sevilməyə başlayan bir simadır. Ona görədə bu yazıda seyirci kimi fikir bildirmək daha uyğun gəlir mənə. “El içində” layihəsində camaatı “yıxıb-sürüyən” E.Əlibəyli əslində nə istəyir? Bu qədər tənqidi yanaşmaların arxasında hansı gizlinlər var? Ədəbiyyata, kitaba xidmətin bu cür olması düzgündürmü?

Azərbaycanda yaşayan, televiziya sahəsindən az da olsa anlayışı olan bir yazar kimi mən E. Əlibəylinin bəzi  hədəflərə çatdığını düşünürəm. İlk növbədə seyrcilərin “yüngül”, şou-biznes kanalı kimi tanıdığı ATV-yə E. Əlibəyli kifayət qədər ciddi imic gətirdi. Bu məsələnin gözlə görünən tərəflərindən ən vacibidir. İkinci əsas nüans ondan ibarətdir ki, E. Əlibəyli ATV-nin intellektual və  daha ziyalı seyirçi kütləsinə qovuşmağında müstəsna rol oynadı. Bu gün əgər Azərbaycan seyircisi hansısa maraqlı və intellektual verliş seyr etmək ümidi ilə kanalı ATV-yə çevirirsə, deməli bu E. Əlibəylinin də uğurudur. Şəxsən mən mənasız şou-xəbərlərə, qeyri-ciddi və qeyri-səmimi, gündəmdən bəhs edən verilişlərə baxmağı sevmirəm. Əgər mənim kimi yüzlərlə seyirci heç olmasa həftədə bircə dəfə ATV-yə baxmağı düşünürsə bu uğur E. Əlibəylinin ayağına yazılmalıdır.

Şəxsi müşahidələrim əsasında deyə bilərəm ki, E. Əlibəyli ATV-nin həm də reklam bazarını qurmağı bacardı.  Bu gün “El içində” proqramının yürütdüyü siyasət həm də  ATV-nin reklam bazarının inkişafına dolayısıyla xidmət edir. Bu nüans oxucunu və seyircini az maraqlandırır. Çox sadə bir məsələni açıqlamaqla bu məsələnin üstündən keçə bilərik. E. Əlibəyli  bir vaxtlar kolbasa firmalarının “qənimi” kimi görünsədə qəfildən kolbasa firmalarından birinin reklam ulduzuna çevrildi. Bu məqam kifayət qədər maraqlı olduğu üçün E.Əlibəylinin idarəçi kimi də incə siyasət yürütdüyünü qeyd edə bilərik. Bütün bu uğurları arxasında yaxşı mənada oyunbazlıq və incə bir siyasət dayanır. E. Əlibəylinin “El içində”ki uğurları düşünülmüş, incə bir siyasətin, iti ağlın bəhrəsidir.  Demək, ilk hədəf – ATV-nin imic problemi həll olunur. Artıq ciddi imic ortaya qoyulub və tənqidçilikdə 15 il öncənin ANS-i belə keçməyə çalışan ATV kanal kimi öz işini görə bilib. İzlənilən bu yol hələlik ATV-nin uğuruna hesablanıb. “El içində” layihəsində Azərbaycan insanını daha çox narahat edən mövzular təhlil edildiyi üçün verliş istənilən auditoriyanı əldə edə bilib. E.Əlibəyli öz verlişinə hamını qonaq çağırır, falçını, manısı, sənətşünası, müəllimi, həkimi, professoru, ekstrasensi və s. və i.

Hər dəfə qoyulan ciddi və ya qeyri-ciddi problemlər insanları həyəcanlandırır. Bu siyasət günün nəbzini tutmağa hesablandığından E. Əlibəylinin ağlına, fərasətinə, dinamik qabiliyyətinə heyrətlənməyə bilmirsən. Hərdən E.Əlibəylinin bu oyunbazlığına gülümsəmək də istəyirsən. Çünki insanlarla, onların inandığı, inanmadığı, müqəddəs bildiyi bəzi şeylərlə ustalıqla məzələnməsi insanı gülümsəməyə məcbur edir.

Getdikcə maraqlı bir tele-aparıcı siması – E.Əlibəyli efirdə özünə daha çox mövqe qazanır. Bunu bəziləri qısqanclıqla, bəziləri paxıllıqla qarşılayır. Onu tənqid edənlər də, tərifləyənlər də var. Mübaliğəsiz demək olar ki, “El içində” proqramı efirə çıxdığı gündən teleməkanın ən yaddaqalan siması E. Əlibəylidir. Bütün bunlar həm E. Əlibəylinin zəhmətinin bəhrəsi, həm də “El içində” layihəsinin uğurudur. Bütün şitliklərə, mənasızlıqlara baxmayaraq E.Əlibəyli bu layihəni sevdirə bilib. Çox maraqlıdır ki, bu layihə həm ATV-nin, həm də E. Əlibəylinin populyarlığına işləyib. Daha doğrusu bütün bunlar öncədən hesablanmış, planlaşdırılmış məqamlar olduğundan bir seyirci kimi məni heyrətləndirmir. “El içində” E.Əlibəylini eyni vaxtda həm tanıdır, həm də təbliğ edirdi. Bu proses uğurla davam etdiyi üçün, “El içində” layihəsini uğurlu layihə, E.Əlibəylini isə bacarıqlı tele-aparıcı hesab etmək olar. Onun uğurunun sirri səmimiliyində, iddialarında və düşünmək bacarığındadır.

Yazının əvvəlində də qeyd etdiyim kimi, E.Əlibəyli ədəbiyyata aid adam olmasada bir ziyalı kimi ədəbiyyatın inkişafına da qatqıda olub. Bu xidmətin içində siyasət, standart yanaşma olsa da hər halda bu böyük xidmət sayılmalıdır. Gənc yazarların təbliğatında, geniş auditoriyaya təqdim olunmağında, efirdən geniş auditoriyaya səslənə bilməsində E. Əlibəylinin müstəsna rolu var. Bu bir az dostbazlıq, bir az şəxsi maraqların təzahürü kimi görünsə də, qazanan ədəbiyyatdır. E.Əlibəyli gənc yazarlara olan diqqəti çox xoşagələndir. Əslində bu tipli proqramlarda “saçyolduya” çıxan, “vay-şivən” salan maqazin yazarlarından çox ciddi ədəbiyyat adamlarına, fikir adamlarına ehtiyac var. E.Əlibəyli bu məqamı ustalıqla dərk etdiyindən, həm ədəbiyyata, həm də işinə çox böyük fayda verməyi bacarıb. Eyni zamanda özünün də intellektual olduğunu seyirciyə sırıya bilib.

Düşünürəm ki, E.Əlibəylinin ədəbi duyumu, istedad anlayışı birtərəflidir. Ədəbiyyatla, kitabla əlaqəli hazırladığı proqramlardakı mövqeyi, az qala ittihama bənzər fikirləri bunu düşünməyimə əsas verir. Bəzi yazarlarla məzələnməyi, bəzilərini ciddi mənada üzə çıxarmaq cəhdlərinə baxdıqda başqa cür düşünə bilmirsən. Bu məsələdə E.Əlibəylinin mövqeyi qaneedici olmasa da, tənqid olunmalı da deyil. Çünki, məqsəd hər zaman ədəbiyyata və ya kitaba xidmət deyil. Bəzi hallarda ambissiya, şəxsi maraqlar və intellektual aparıcı imici yaradılmasına uğursuz cəhdlər hiss olunur. Əgər E. Əlibəylinin əlində cəmləşən imkan mənə verilsəydi, mən heç vaxt Əli Əkbəri, Seymur Baycanı, Dayandur Sevgini, Ədalət Əsgəroğlunu efirə çıxarmazdım, hətta dostluq və şəxsi münasibətlərim olsa belə. Çünki sadaladığım şəxslər ciddi ədəbiyyatla məşğul olmayan sıradan yazarlardır.

Hər halda təbliğat çox vacib məsələdir və E.Əlibəyli ədəbiyyat üçün bunu edir. Onun ədəbiyyata olan marağı, ədəbiyyat sevdası Günel Mövludun kitabına yazdığı ön sözdə də üzə çıxır. Şeiri bu qədər gözəl anlaması, bu qədər səmimi duyğuları bir yazar kimi şəxsən məni düşündürdü. Bu ön sözdə də E.Əlibəyli bəzi məqamlarda özünü təbliğ edir. Sadəcə ön sözü oxumağınız kifayətdir. Bu yazının yazılma səbəblərindən biri də məhz E.Əlibəylinin G. Mövludun “ 5 XL” adlı kitabına yazılan ön sözdür.

Ədəbiyyata olan sevgisiylə yanaşı E.Əlibəylinin ucuz şou-biznes nümayəndələrinə olan tənqidi münasibəti, bəzi hallarda aqressiyası, falçılara, ekstrasenslərə qarşı apardığı kampaniya da çox maraqlıdır. Hətta ən maraqlı verilişlərdən birini hələ də xatırlayıram. Şahbaz Xuduoğlunu bozbaş müğənni Elarizlə üz-üzə qoyduğu verilişdə əslində kitabın təbliğatı məsələsi heç də düzgün qoyulmamışdı. Hiss olunurdu ki, E.Əlibəyli müğənniləri “sındırır”, Şahbaz Xuduoğlunun da müğənnilər tərəfində “sındırılmasına” şərait yaradır. Hər hada bu uğursuz cəhdlərdə də xoş bir şeylər sezilir.

Ümumiyyətlə, ATV-nin ciddi imicini formalaşdıran, auditoriyasını genişləndirən E.Əlibəyli Azərbaycanın  çağdaş ədəbiyyatının təbliğatında da müəyyən işlər görür. Bütün uğurları və qüsurlarıyla bərabər, bizim razılaşdığımız və razılaşmadığımız məqamlara baxmayaraq E. Əlibəyli göz önündə olan, sevilən və tələb olunan simadır. Hər halda ədəbiyyat naminə gördüyü işləri qaneedici olmasa belə, ədalət pinsipi pozulsa belə alqışlamaq lazımdır.

E. Əlibəyli televiziya adamının, ziyalının ədəbiyyata, kitaba xidmət modelini yarada bilib. İnanıram ki, Azərbaycanda bu model öz ardıcıllarını yaradacaq, bundan sonra imkanı olan hər kəs bir az da kitabı, ədəbiyyatı təbliğ edəcək. Bu nümunənin daha da təkmilləşməsini arzuladığımız üçün E.Əlibəylidən daha az oyunbazlıq və siyasət gözləyirik. Ədəbiyyata xidmətin içində siyasət olmasa daha yaxşı, daha maraqlı olardı.

 

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s